Həsənov Türkiyədə müdafiə universitetini ziyarət etdi

Həsənov Türkiyədə müdafiə universitetini ziyarət etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri fəxri qarovulun önündən keçib, universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara təhsil müəssisəsinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi barədə məlumat verib.

General-polkovnik Z.Həsənov Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Sonra müdafiə naziri Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan hərbi qulluqçularla görüşüb, onların hazırlıq səviyyəsi ilə maraqlanıb və öz tövsiyələrini verib.

General-polkovnik Z.Həsənov ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsindən danışıb.

Müdafiə naziri burada təhsil alan azərbaycanlı kursantların özlərini müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşdıracaqlarına, tədris müddətində əldə etdikləri bilik və təcrübələri hərbi təhsil ocağını uğurla başa vurduqdan və Vətənə qayıtdıqdan sonra Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə əmin olduğunu vurğulayıb.

General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri davam edir.

Teqlər: