Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzerTimes-a nazirlikdən məlumat verilib.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Hər iki Ordunun döyüş əməliyyatları zamanı şəhid olan hərbi qulluqçularının xatirəsi ehtiramla anılıb, tərəflər şəhidlərə Allahdan rəhmət diləyiblər.
Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.
C.S.Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahid Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.