Hersoqun Bakı səfərinin əsas hədəfi

Hersoqun Bakı səfərinin əsas hədəfi

30 mayda İsrail Prezidenti İshaq Hersoq və xanımı İlham Əliyevin dəvətilə Bakıya rəsmi səfər etdi.

İsrail Azərbaycanın gerçək strateji müttəfiqi sayılan ölkədir və bizim aramızda münasibətlər fundamental intitusional səviyyədə qurulub və inkişaf edir. Son illərdə İsraildə bir neçə dəfə hakimiyyət dəyişikliyini, fərqli hökumət koalisiyalarının qurulmasını, bir neçə siyasi böhran müşahidə etmişdik, amma bu proseslər azca olsa da Azərbaycanla münasibətlərə təsir etməyib. Ona görə ki, İsrail-Azərbaycan münasibətlərin inkişafı hər iki ölkənin strateji dövlət maraqlarına cavab verir.

Münasibətlərin məhz institusional səviyyədə inkişafının tarixi-mədəni səbəbləri var, bu, müttəfiqliyimizin bünövrəsi və qarantıdır. Amma təbii ki, Hersoqun Bakıya səfəri ənənəvi münasibətlərin inkişafından daha çox qlobal geosiyasi proseslərlə əlaqəlidir.

Dünyada qlobal qütbləşmə fonunda Azərbaycan artıq balans siyasətinə son qoymaq istiqamətində addımlar atır və bu, başadüşüləndir. Baxmayaraq ki, biz son dərəcədə təhlükəli coğrafiyada yer almışıq, bu günə kimi xarici siyasətdə seçdiyimiz “qızıl orta” artıq aktual deyil və tərəf seçmək məcburiyyəti qarşısındayıq.

Bir tərəfdən şimal qonşumuz Rusiya Qərblə açıq qarşıdurmadadır, bir tərəfdən də cənub qonşumuz olan İranın İsraillə münasibətləri sürətlə gərginləşir. Azərbaycan isə bu qarşıdurmaların içərisində olmasa da, coğrafi olaraq ortadadır. Təbii ki, Qərb dünyası Azərbaycana yönələn bütün ekzistensial (mövcudluğa son qoya biləcək) təhlükələri nəzərə alır və ABŞ rəsmilərinin “Azərbaycanın suverenliyi və müstəqilliyini qoruyuruq” tipli bəyanatları məhz bu məqamı vurğulayır.

Məsələ ondadır ki, Azərbaycan və İsrailin xarici siyasətində ciddi oxşarlıqlar var. Misal üçün 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə İsrail balans siyasi xəttinə sadiq qalaraq müharibədə neytrallığını qorumağa çalışırdı. Bu mövqeyin səbəbi Rusiyanın Yaxın Şərqdə hərbi-siyasi təsir gücü idi və İsrail öz milli maraqlarını rəhbər tutaraq Rusiya ilə neytrallıq barədə razılığa gəlmişdi. Bu məqamda Moldova Prezidenti Maya Sandunun sözlərini xatırlamaq yerinə düşər: “Neytralitet təhlükəsizliyin qarantı deyil”.

Həqiqətən elədir, dünyanın sürətlə qütbləşən dönəmində İsrail gördü ki, Rusiya-İran-Belarusdan ibarət “ox” artıq formalaşıb və neytralitet barədə Rusiya ilə razılığın əldə olunmasına baxmayaraq, İran-Rusiya əməkdaşlığı sürətlə inkişaf edir və məhz Rusiya İrana nüvə silahının əldə olunmasında ən böyük dəstəkçidir. Həmin nüvə silahının potensial hədəfini təsəvvür etmək o qədər də çətin deyil. İsrail də öz növbəsində Rusiyaya adekvat sayılacaq cavab verərək, Ukraynaya silah tədarükünə başladı (bəzilərini rəsmi, bəzilərini qeyri-rəsmi) və bununla da balans siyasətinə son qoydu.

İshaq Hersoqun Bakıya səfərinə bu prizmadan yanaşmaq lazımdır. Dünya qütbləşib, bir tərəfdə ilk növbədə ideoloji olaraq çürümüş, texnoloji inkişaf sarıdan geridə qalmış, orta əsrlərdə olduğu kimi, qonşularına hərbi güc vasitəsilə hədə-qorxu gələn “şər oxu”, o biri tərəfdə isə inkişaf etmiş, Azərbaycanın inkişafına da çox ciddi təkan vermək gücündə olan və təhlükəsizliyimizi təmin edə biləcək Qərb bloku. Seçim qarşısında deyilik, seçimimizi etmişik və qlobal geosiyasi prosesin inkişaf sürətinə müvafiq olaraq addımlar atırıq.

Azərbaycan İsrailin dəstəyilə İranın dövlətimizə qarşı təhdidlərini zərərsizləşdirmək istiqamətində işlər görür.

Teqlər: