İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfərinə İranın “səssiz reakasiyası” maraqlıdır. Halbuki Azərbaycanın İsraildə səfirlik açmasını süngü ilə qarşılamış, İsrail xarici işlər naziri Eli Kohenin Ceyhun Bayramovla görüşdə səsləndirdiyi fikirləri “Azərbaycan və İsrail İrana qarşı birləşib” kontekstində şərh etmişdilər.
Hersoqun Bakıda İranı müzakirə etdikləri, İsrail və Azərbaycanın bu ölkənin hədəfində olduğuna dair fikirlər Tehranın aqressiyası üçün yetərli idi. Sadəcə, İran XİN-in sözçüsü Nasir Kənani İsrail prezidentinin Bakıya səfərinə “sionist rejiminin gələcəyi yoxdur” kimi ümumi fikirlərlə münasibət bildirdi və yenə Azərbaycana qarşı ittiham irəli sürülmədiyi diqqət çəkdi.
Bunun səbəbini Bakı-Tehran xəttində “diplomatik atəşkəsin” elan edilməsində görmək mümkündür. Hərçənd, Hersoqun səfərindən sonra İranın aqressivləşməcəyinə də zəmanət yoxdur.
Bu kontekstdə İsrail prezidenti Bakıda səfərdə olduğu vaxt İranda nə baş verdiyi diqqət çəkir.
Mayın 30-da İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan vilayətində “sionist rejimə bağlı terror qruplaşması üzvlərinin həbs edildiyi” xəbərini tirajladılar. Bu, İranın “sionist rejim” təbliğatında ənənəvi addımlarından biridir, lakin informasiyanın Hersoqun Bakıda olduğu gün tirajlanması müəyyən gözləntiləri önə çıxarır:
– İran Hersoqun Bakıya səfərinə görə Azərbaycana qarşı ittihamını “sionist terroru” üzərindən quracaq?
– Bu məqsədlə “həbs edilən” qruplaşmanın Azərbaycanla “bağlantıları”nı ortaya ata bilərlərmi?
Sual açıq olaraq qalır, xüsusilə Tehranın Bakıya qarşı ittihamlarını terrorçu iddiası üzərindən qurduğu təcrübəsi fonunda.