Heroin alverçisi olan 64 yaşlı qadının rəhbərlik etdiyi dəstəyə hökm oxundu

Xəbər - Samir Əli – AzerTimes:

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq, narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmaqda ittiham olunan 64 yaşlı Mahizər Məmmədova, 43 yaşlı Azər Ağayev, 55 yaşlı Heydər Məmmədov və 26 yaşlı Sənan Eyvazovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Azər Ağayev 11 il, Heydər Məmmədov 12 il 6 ay, Mahizər Məmmədova 10 il, Sənan Eyvazov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirən Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb.

Onun üzərindən 2 kiloqram 50 qram heroin və 321,964 qram metamfetamin götürülüb. Müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.

Qeyd edək ki, M.Məmmədova bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə göndərib.

Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayev də tutularaq istintaqa təqdim ediliblər.

H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib.

Teqlər: