Əvvəldən də Şimali İraqda həyata keçirilməsi planlaşdırılmış hərəkatın genişmiqyaslı olması planlaşdırılmayıb. Taktika yavaş-yavaş irəliləmək, düz əraziyə çıxmaq və dərinlikdəki ərazinin təhlükəsizliyini təmin etməkdir.
Bu sözləri AzerTimes-a Türkiyənin ilin əvvəlindən İraqın şimalına həyata keçirməyi planlaşdırdığı hərəkat haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.
General Türkiyə Ordusunun bu taktikanı seçməsinin səbəblərindən danışıb:
“Orada Duhok və Zaho kimi şəhərlər, Dərəcik və Revandis kimi qəsəbələr var. Bu yaşayış məntəqələrində də xeyli əhali yaşayır. Ona görə də Silahlı Qüvvələrimiz bəhs etdiyimiz taktika ilə irəliləyir. Əlbəttə ki, burada dövlətimiz İraq mərkəzi hökuməti və İraq Kürd Regional Rəhbərliyi ilə fəal əməkdaşlıq edir. Hərəkatın belə icra edilməsinin digər səbəbi isə odur ki, Türkiyə artıq çox rahat şəkildə PKK-nın sözügedən ərazidəki hərəkətini izləyir.
Ərdoğan Karakuş çəkiləcək “İnkişaf Yolu” dəhlizinin də regional təhlükəsizliyə çox müsbət təsir edəcəyini vurğulayıb:
Dövlətimiz fəal şəkildə Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı iş apardığı kimi həm də İraqla “İnkişaf Yolu” dəhlizinin reallaşdırılması üçün aktiv əməkdaşlıq edir. Bu çərçivədə bizimlə də əlaqəli şəkildə mərkəzi hökumət ölkənin şimalında iki yeni baza qurdu. Hazırda Urfadan İraqla sərhəddə yeni açılacaq Ovaköy sərhəd-buraxılış məntəqəsinədək asfalt yolun çəkilməsinə başlanması üçün bütün işlər tamamlanıb. Yaxın gələcəkdə dəmir yolu xəttinin çəkilməsi planı da hazırlanacaq. “İnkişaf Yolu” dəhlizi reallaşdıqdan sonra İraqın şimalı da buradan çox fayda götürəcək. Ona görə də bölgənin PKK-dan təmizlənməsində İraq Kürd Regional Rəhbərliyi də maraqlıdır. Məqsədimiz isə qonşularımızla birlikdə müxtəlif iqtisadi, nəqliyyat və s. layihələr həyata keçirməklə bölgəmizi hər kəsin rahat, sülh və sabitlik içində yaşaya biləcəyi bir yerə çevirməkdir.
Qeyd edək ki, bu ilin mart ayından etibarən Türkiyənin terror hədəflərini vurmaq və təhlükəsizliyi təmin etmək məqsədilə İraqın şimalında genişmiqyaslı hərəkata başlayacağı haqqında məlumatlar yayılıb.