Penitensiar Xidmətin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə AzerTimes-a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Nurlan İqor oğlu Mədətovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.