Hərbi qulluqçular arasında növbəti idman yarışları keçirilib (FOTO/VİDEO)

Naxçıvan Qarnizonu üzrə təşkil olunan cüdo, yunan-roma və
sərbəst güləş birinciliklərindən əvvəl məqsəd və qaydalar idmançı
hərbi qulluqçuların diqqətinə çatdırılıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün
mənasıdır” devizi altında keçirilən yarışlara isinmə
hərəkətlərindən sonra start verilib.

Güləşin yunan-roma, sərbəst və cüdo növlərində ümumilikdə 27
çəki dərəcəsində 16 komanda mübarizə aparıb. Naxçıvan Muxtar
Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri
yarışlarda 264 idmançı iştirak edib.

Yekun nəticələrə əsasən cüdo üzrə komanda hesabında birinci
yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının
komandası, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Əlahiddə
Ümumqoşun Ordunun motoatıcıları və xüsusi təyinatlıları
qərarlaşıb.

Ən yaxşı nəticələri olan cüdoçularımız yarışlar barədə
təəssüratlarını bölüşüblər.
Sərbəst güləş üzrə yarışlarda “Naxçıvan” Əlahiddə Sərhəd
Diviziyasının komandası birinci, Daxili Qoşunların “Naxçıvan”
Əlahiddə Əməliyyat Briqadasının komandası ikinci, Əlahiddə
Ümumqoşun Ordunun xüsusi təyinatlıları isə üçüncü yerə layiq
görülüb.
Yunan-roma güləşində Daxili Qoşunların “Naxçıvan” Əlahiddə
Əməliyyat Briqadasının komandası birinci yerdə qərarlaşıb, Əlahiddə
Ümumqoşun Ordunun xüsusi təyinatlılarından ibarət komandaları
ikinci və üçüncü yerləri bölüşüblər.

Uzun müddətdir güləş idman növü ilə məşğul olan qalib hərbi
qulluqçularımız gələcəkdə keçiriləcək yarışlara daha böyük səylə
çalışacaqlarını bildiriblər.

Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok,
diplom və fəxri fərmanlar təqdim edilib.

Teqlər: