Hərbi Qənimətlər Parkı ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir – Tamam Cəfərova

Aprel ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur yeri olmaqla yanaşı, ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir, hərbi məktəbdir, institutdur və nəhayət and yeridir. Şəhidlərimizin yaxınları üçün bir təsəlli yeridir. Təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin gücünü və potensialını hər mənada özündə əks etdirən əsl muzey kompleksidir. Həmçinin bu park gələcəkdə də Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək revanşistlər üçün bir ibrət dərsidir. Bu nöteyi-nəzərdən Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, dövlətimizin sarsılmaz iradəsini görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub ediblər.

T.Cəfərova bildirib ki, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi”. Bütün bunlarla yanaşı, iqtisadi müstəqillik əsas məsələlərdən bir idi. Bu sahədə Azərbaycan ötən illər ərzində tarixi layihələr həyata keçirib, enerji müstəqilliyinə nail olub. Bununla yanaşı, siyasi sabitliyin əldə olunması, vətəndaş birliyinin təmin edilməsi vacib məqamlardan idi. Ötən illər ərzində bütün bunlara nail olundu və Azərbaycan Silahlı Qüvvələri 30 illik işğala son qoyaraq, tarixi torpaqlarımızı düşmən işğalından azad etdi.

Deputat xüsusilə vurğulayıb ki, erməni vandalları tərəfindən törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı xeyirxah xalqdır. Lakin, vəhşilik, vandallıq edənləri unutmamalıyıq. Tarixi yaxşı öyrənməli və ondan dərs götürməliyik. Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik.

Cənab Prezidentin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasının qarşısı ordumuz tərəfindən alındı. Bir mıəqamı da unutmamalıyıq ki, Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi həqiqətləri bilməliyik. 1918-1920-ci illərdəki müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Bütün bunlara baxmayaraq, tarixi həqiqətləri doğru-düzgün öyrənməli və analiz etməliyik. Bu sayədə gələcək nəsillərin həqiqi vətənpərvər ruhda tərbiyə olunmasına nail ola bilərik.

Bir daha bu möhtəşəm Qələbəni Azərbaycan xalqına yaşadan Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

Teqlər: