Dünən Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı və orada nümayiş olunan hərbi qənimətlər, eləcə də düşmən manikenləri Ermənistanı yaman qəzəbləndirib. Tarixən Azərbaycana qarşı əks-təbliğat kampaniyasını gündəlik həyat tərzinə çevirən Ermənistan bu dəfə də eyni məkrlə, eyni fitnə ilə hərəkətə keçib. Azərbaycanın qələbə simvolu olan bu park ətrafında elə hay-şüvən qoparıb ki, heç müharibədəki acı məğlubiyyətdən sonra da bunu etməmişdi…
Dəryada batan saman çöpündən yapışdığı kimi, ermənilər də sıldırım qayanın çatlağında göyərən otdan – lap elə parkda sərgilənən erməni manikenin kibrit qutusundakı çətənəsindən yapışıblar (Müharibə günlərində erməni hərbçilərin qoyub qaçdıqları postlardan narkotik tapılması faktları var – müəl.). Ay “insani dəyərlər ayaqlar altına atılır”, ay “Azərbaycan erməniləri təhqir edir”, nəbilim, “ermənifobiyanı təbliğ edir” kimi sərsəm hayqırtılar bu gün bu ölkənin parlament binasına qədər “çırpıldı”.
Deputatlar biri bir qəpikdən ağızlarına gələni danışdılar. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı, misalı. Hətta Ermənistan Xarici İşlər Nazirliyini də ittiham etdilər, niyə bununla bağlı bəyanat vermir deyə… Nazirlik də məcbur qalıb günün sonuna yaxın o nimdaş hayqırtıları təkrarladı – sanki, Xocalıda yüzlərlə insanı qətl edən, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanı yerlə yeksan edən, məscidlərdə donuz saxlayan, müharibə dövründə azərbaycanlı hərbçinin başını kəsən və bunu nümayiş etdirən bunlar deyilmiş kimi…
Gəlin görək, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısında baş verməyibmi? Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması hansı çərçivəyə sığır? Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa haqqı varmı? Əlbəttə ki, yox!
Bu arada, Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabı da özünü çox gözlətmədi. Nazirlik bəyan etdi ki, paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.
“Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir” – deyə, XİN öz bəyanatında qeyd edir.
Əlbəttə, reallıq hər kəsə bəllidir. Artıq bütün dünya Azərbaycanı da, Ermənistanı da yaxşı tanıyır. Və dünyada qənimət parkları, zəfər muzeyləri təcrübəsi də yeni bir şey deyil. Bir çox ölkələrdə hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi də çoxdan mövcuddur. Ona görə də təbii ki, Ermənistandan fərqli olaraq, hər kəs bu parkın və burada sərgilənən kompozisiyaların təyinatını çox gözəl anlayır – qanunsuz işğal üzərində çalınan böyük Qələbə, beynəlxalq hüququn təntənəsi və ən nəhayət, Azərbaycan Ordusunun gücü!
Elgün MƏNSİMOV,
Trend