Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili
üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, qaydalar aşağıdakılardır:
I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari il ümumtəhsil müəssisələrində orta
təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam
olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının
kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün
təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət
alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU
Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 01 aprel
2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək ərizə
ilə Lisey rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə
olunmalıdır:
– Şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap
edilmiş 2 nüsxədə);
– Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surəti;
– Valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş
razılıq ərizələri;
– Sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən
təsdiq edilmiş xasiyyətnamə;
– Rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3×4 sm və 2 ədəd
4.5×6 sm ölçüdə;
– Ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– Burunətrafı boşluqların rentgenoqrafiyası;
– Elektrokardioqramma;
– Qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– Qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid
müayinələrinin nəticələri;
– Qanın hepatit C və hepatit B-yə dair müayinəsinin nəticələri;
– Sidiyin ümumi analizi;
– Nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi
sənəd;
– Dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya
çöplərinin aşkar edilməsi üçün müayinə;
– Psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər
dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında
arayışlar;
– Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar
xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə
məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər
haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar
(forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının
protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi
sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin əsli
namizəd tərəfindən sənəd qəbulu komissiyasına şəxsən təqdim
olunur.
III. HƏRBİ LİSEYDƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA
KEÇİRİLİR
Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim
komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim
komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul
komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasının qərarına əsasən Hərbi Liseydə təhsil
almağa yararlı hesab edilən namizədlər internet vasitəsi
ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap
edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin Sənəd
Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını
təsdiq edirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən
olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron
saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul
imtahanına buraxılış vərəqəsi alırlar.
Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn
üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış
vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən
test üsulu ilə keçirilən qəbul imtahanı verirlər.
Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan
dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.
Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi
tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul
edilirlər.
Sənədlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılmış
komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri,
Xətai rayonu, Polad Həşimov küçəsi 1 (əlaqə telefonu:
012-479-80-24).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini
Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim
edirlər (əlaqə telefonu: 036-544-00-15,
036-544-00-16).
Elektron ərizələrin doldurulma, imtahana buraxılış vərəqəsinin
verilmə, imtahanların başlama tarixləri barədə məlumatlar
Dövlət İmtahan Mərkəzinin internet saytında və
kütləvi informasiya vasitələrində elan olunur.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
internet saytında yerləşdiriləcək:
www.mod.gov.az