Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.
DİM-dən AzerTimes-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq.
İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur.
İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və 2 saat davam edəcək.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq ” İmtahana buraxılış vərəqəsi“ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əslini;
“İmtahana buraxılış vərəqəsi”ni.
Qeyd edək ki, şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.