Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.
DİM-dən AzerTimes-a verilən xəbərə görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub.
İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulurdu.
İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
Avqustun 1-dən etibarən imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.