Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində Vətən Müharibəsində şəhid olan Mürsəl Kazımlı, Məzdək Eyvazlı, Teymur Zeynalov və Mixail Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Hərbi liseyin kursant, zabit və müəllim heyətinin, şəhidlərin ailə üzvlərinin, döyüşçü yoldaşlarının, dostlarının və digər qonaqların iştirak etdiyi anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid məzunların ömür və döyüş yollarından bəhs edən videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından, Vətənin şəhid övladlarının – Mixailin, Mürsəlin, Məzdəkin, Teymurun gələcək nəsillərə örnək olan qısa, lakin şərəfli ömür və döyüş yollarından danışaraq milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüyən bu gənclərin adlarının hər zaman uca tutulacağını və xatirələrinin qəlblərdə yaşayacağını vurğulayıblar.

Şəhidlərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya, övladlarının adının uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik və qəhrəmanlığı tərənnüm edən mahnı və marşlarla sona çatıb.

Teqlər: