Hərbi hissələrdə elə sənədlər ələ keçirdik ki… – Polkovnik

Hərbi hissələrdə elə sənədlər ələ keçirdik ki… – Polkovnik

Kim Ermənistanın nəyinsə müqabilində bizə minalanmış ərazilərin xəritələrini verəcəyinə inanırsa, bu, ya sadəlövhlükdür, ya da məlumatsızlıq.

AzerTimes xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü taborun komandiri, Şuşada kəşfiyyat rəisi olmuş polkovnik Azay Kərimov deyib.

Azay Kərimov müharibə dövründə hərbi hissələrdə ələ keçirilən sənədlər arasında mina xəritələrinin olmadığını bildirib:

“Mina basdırılmış ərazilərin xəritəsi 3 nüsxədən ibarət olur: bunlardan biri həmin əraziyə nəzarət edən hərbi hissədə, ikincisi hərbi hissənin tabe olduğu diviziya və ya korpusda saxlanılır, üçüncüsü isə Müdafiə Nazirliyinə göndərilir. 44 günlük Vətən müharibəsində ermənilərin Qarabağda tikdiyi hərbi hissələr tərəfimizdən götürüldü və kifayət qədər önəmli məxfi sənədlər ələ keçirildi. Burada döyüş hazırlığından tutmuş hansı tankın, topun, manqanın, tağımın harda yerləşməsinə qədər, bütün məlumatlar var. Buna görə Ermənistan indi də qarşımızda çox acizdir, amma həmin hərbi hissələrdə bir dənə də olsun mina xəritəsi tapılmadı. Elə hərbi hissə və məxfi şöbələr var idi ki, qapıları açılmamışdı, möhürləri sındırılmamışdı, yəni hər şey olduğu kimi qalmışdı”.

Polkovnik müharibə şəraitinin xüsusi çətinliyinə görə minaların xəritələrdə yerinin tam dəqiqliyi ilə qeyd olunmasının qeyri-mümkünlüyündən danışıb:

“Birinci Qarabağ müharibəsi dövründə bizdə də belə idi. Mina sahəsini xəritədə mükəmməl işləmədən basdırırdıq və sadəcə iki sahənin arasında gediş-gəliş üçün bir cığır, yol qoyurduq. Hamı yolun, yaxud cığırın sağ-solunun mina sahəsi olduğunu bilirdi. Öz basdırdığımız minaya özümüzün düşməyimiz az olub? Xəritə olsa da, olmasa da, bu bir bəladır! Əfqanıstanda müharibə 1989-cu ildə bitib, orda hələ də bu günə kimi insanlar minaya düşür. 44 günlük Vətən müharibəsində isə qaçaqaçda hansı əsgərin, zabitin əlində, bölüyün, taborun balansında nə olubsa, hamısını yerə basdırıb. Buraya həm mina, həm də digər partlamamış sursatlar daxildir. Hətta onları qab-qacağa kimi bağlayıblar. İşğaldan azad olunmuş kəndlərimizdə, qəsəbələrimizdə, məktəblərdə, evlərin içərisində qapıların, pəncərələrin arxasına “sürpriz” əl qumbaraları bağlayıb çıxıblar ki, azərbaycanlılar gəlib qapını açanda partlayış olsun. Bu, qisasçılıqdır. Mən hətta yapışqan lentlə bir-birinə bağlanan 2 ədəd 85 mm çaplı minaatan mərmisinin ortasında əl qumbarası da görmüşəm. Bəs bu, hansı xəritədə göstərilib? Bunlardan həyətyanı əkin sahələrində, tövlədə, toyuq hinində, uçmuş və dağılmış divarların arasında, su quyularında, lazımsız dərin quyularda – hər yerdə var”.

Azay Kərimov Ermənistanın vaxt qazanaraq yeni müharibəyə hazırlaşdığını vurğulayıb:

“Əsl mina xəritələrində isə birinci basdırılan mina ilə ikinci, üçüncü, dördüncü və s. basdırılanlar arasındakı məsafə hesablanaraq qeyd olunur, onun adı, mənşəyi, növü və markası göstərilir. Ermənilər kortəbii şəkildə Qarabağa minanı yerə buğda əkirmiş kimi səpib. Bütün bulaq, kəhriz sularının üstü, ətrafı belədir. Xəritələr olsa da, olmasa da, ərazilər qarış-qarış, metr-metr yoxlanılmalı, hər daş-kəsəyin altına baxılmalıdır. Uzun illər xidmət etməyimə baxmayaraq, 1,5 metr dərinlikdə mina basdırılmasını görməmişdim, ancaq bunu da gördüm. Ermənistan vaxt udmaqla yeni müharibəyə hazırlaşır. Ermənistanda heç bir mina xəritəsi yoxdur”.

Teqlər: