Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici
dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri
təşkil olunub.
Trend Müdafiə
Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, səfər
çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba
Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə
fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş
stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri
vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Daha sonra hərbi attaşelər hərbi hissəni ziyarət ediblər.
Nümayəndə heyətinə hərbi hissənin fəaliyyəti haqqında brifinq
təqdim olunub. Onlar burada şəxsi heyət üçün yaradılan şərait və
silahlanmada olan döyüş texnikası ilə tanış olublar. Hərbi
attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə
təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.