Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar təşkil olunmuş “Qarabağ Azərbaycandır!” adlı ekspedisiya başa çatıb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ekspedisiya üzvləri HHQ-nin zabiti polkovnik-leytenant Zal Nəbiyevin rəhbərliyi və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayevin iştirakı ilə Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş ediblər.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını, eləcə də Azərbaycan Ordusu, HHQ və “Qartal” Dağçılıq İdman Klubunun bayraqlarını dalğalandırıblar.