Xəbər - İlhamə İsabalayeva – Trend:
Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləğinin artırılması təklif edilir.
AzerTimes-ın məlumatına görə, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.
Hesabatda bildirilir ki, güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləği müəyyən edilsin.
Bununla yanaşı, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişikliklər edilsin.