Hər kəs hökumətə öz adamını salmağa çalışır – Pezeşkian

Hər kəs hökumətə öz adamını salmağa çalışır – Pezeşkian

Məsulların seçilməsi və təyinatı problemə çevrilib, peşəkar kadrların təklif olunmasını istəyirik. Ancaq hər kəs öz tanışını önə çəkir, bilmirəm necə edək, axı biz milli birlik hökuməti qurmaq istəyirik.

AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian seçki qərargahlarının üzvləri ilə görüşündə deyib.

O, ölkənin bir qrup və siyasi cərəyana bağlı şəxslər tərəfindən idarə edilməsının əleyhinə olduğunu vurğulayıb, insanların yalnız bacarıq və qabiliyyətinə görə irəli çəkilməsinin vacibliyi barədə əvvəlki fikirlərini təkrar edib.

Prezident onunla əlaqə saxlaya, görüşə və danışa bilməyənlərə də müraciət edib:

“Mən elə əvvəlki adamam, sadəcə indi sizlər mənim çiyinlərimə əlavə yük, məsuliyyət qoyubsuz. Ona görə də gecə-gündüz çalışmağa məcburam və əlavə vaxt tapa bilmirəm. Bu, dəyişdiyim və sizləri unutduğum anlamına gəlməməlidir, sadəcə, vaxt yoxdur. İş vaxtımdan kəsib sizlərə vaxt ayırsam, işləməməkdə günahlandıracaqsınız, əsas odur ki, işimizi yerinə yetirək, xalqın razılıq səviyyəsi isə fəaliyyətimizin keyfiyyətinin göstərici və ölçüsü olacaq”.

Teqlər: