Xəbər - Elçin Mehdiyev – Trend:
Qardaş Türkiyədə baş verən və bu gün də davam edən meşə yanğınları hər birimizi çox üzür. Əlbəttə ki, Türkiyəni də öz vətənimiz hesab edirik. Azərbaycan Türkiyənin yanındadır və lazımi bütün dəstəyi göstərir. Nəzərə almalıyıq ki, yanğından heç kim sığortalanmayıb və ona görə də hər birimiz bundan sonra daha diqqətli olmalıyıq ki, bu cür yanğınlar baş verməsin.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, bu məsələdə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür: “Yanğınlar həm təbiətə, həm də infrastruktura, fərdi evlərə, mənzillərə, sosial obyektlərə, iqtisadiyyata ciddi ziyan vurur. Ekologiyaya dəyən ziyan daha böyük olur. Minlərlə ağacın məhv olması, flora və faunanın böyük ziyan görməsi ekologiyaya dəyən böyük zərbədir.
Bunu qarşısını almaq və bu cür hadisələrin baş verməməsi üçün vətəndaşlar daha məsuliyyətli davranmalıdır. Xüsusilə, isti havalarda hər kəsdən yanğın təhlükəsizliyinə həssaslıqla yanaşmaq tələb olunur, çünki istənilən kiçik bir səhv böyük fəlakətə gətirib çıxara bilər, insan tələfatına səbəb ola bilər. Bu məsələyə laqeyid yanaşmamaq hər birimizin borcudur.
Digər tərəfdən, nəzərə alsaq ki, hazırda kənd təşərrüfatı mövsümüdür, taxıl, ot biçini həyata keçirilir ki, bütün bunlar yanğın təhlükəsizliyini ön plana çıxarır. Bu baxımdan da indiki vəziyyətdə yanğın təhlükəsizliyinə həssaslıqla yanaşmalıyıq. Nəzərə almalıyıq ki, insan ehtiyatsızlığı nəticəsində baş verən yanğınlar qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər”.