Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir – Tamam Cəfərova

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır.
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən
başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq,
gerb, himn kimi müqəddəsdir. Ana dilini hifz etmədən, onun
inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən
xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün
deyildir. Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunub-mühafizə
olunmasında müstəsna xidmətləri olmuşdur.

Bu fikirləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam
Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 70-ci illərin ortalarından
başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi
həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ
Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması
prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili
məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta
milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə
gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan
Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil
məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin tarixində,
bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyacaq tarixi təşəbbüslə
çıxış etmişdir. Beləki, 1978-ci il aprelin 2-də IX çağırış
Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist
Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə
çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə
aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet
Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər
Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş
Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan
dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər
Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən
birini məharətlə qorumuşdu.

Fikirlərinin davamı olaraq, millət vəkili bildirib ki,
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən
kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən
dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər
xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Ulu
Öndər Heydər Əliyevin dediyi kimi ““Dil hər bir millətin mənliyinin
əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq
əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Azərbaycan dili
tarix boyu Azərbaycan xalqının mənsub olduğu mədəniyyətin güzgüsü
olmaqla yanaşı, xalqımızın müstəqillik və mübarizə əzminin
daşıyıcısına çevrilmişdir.

T.Cəfərova qeyd edib ki, Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da
inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın
ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi
ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ
yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi
informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda,
idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə
hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr
ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması
müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş
haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki
mövqeləri bərpa edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin
bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış
vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman
imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi
uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud
problemlər də geniş təhlil edilmiş, onların həlli yolları
göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına
keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı
baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin
2001-ci il 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” fərmana əsasən, hər il avqust
ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş
qeyd edilir.

Sonda millət vəkili T.Cəfərova bildirib ki, Ulu Öndər Heydər
Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev
Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla
dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını
Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş
etdirmişdir.

Teqlər: