Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək – Adil Allahverdiyev

Xəbər - İlhamə İsabalayeva-Trend:

Son günlər ərzində Azərbaycanda COVİD-19-a yoluxma hallarının artımının qarşısının alınması üçün hər bir vətəndaş əlindən gələni etməlidir ki, təkrar karantin qaydalarının sərtləşdirilməsinə getməyək.

Bunu AzerTimes-a Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda yaranan arxayınlıqdır.
İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:

“Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD – 19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.

A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Teqlər: