Xəbər - Cani Babayeva – Trend:
Qazanılan hər bir medal yeni yarış təcrübəsidir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının tamblinq üzrə gümüş medalçısı Azərbaycan gimnastı Mixail Malkin deyib.
M.Malkin qeyd edib ki, bu gün finala güclü bel ağrısı ilə çıxıb: “Seçmə mərhələdən sonra belim çox ağrıyırdı, hətta tərpənə bilmirdim. Belə vəziyyətdə yeriyə bilmədiyim üçün yarışmadan imtina etmək istədim. Ancaq çətin anda dostlarım məni dəstəklədilər və ümid verdilər, buna görə onlara çox minnətdaram. Məşqçilər korpusu mənə dedi: “Dişlərini sıx və iki dəfə tullan”. Heç kimi pis vəziyyətdə qoymaq istəmədim, ona görə də bütün gücümü toplayıb çıxış etdim. Əvvəlcə finalda qalib gəlmək üçün çətin kombinasiya ilə çıxış etəmli idim. Amma məşqçi mənə Avropa çempionatında təqdim etdiyim kombinasiya ilə çıxış etməyi məsləhət gördü”.
Onun sözlərinə görə, qarşıda bərpa dövrü var: “Qarşıda bərpa dövrü olacaq, çünki yaxın gələcəkdə heç bir məşq yoxdur. Gələn həftə Bakıda Dünya Yaş Qrupları Yarışları başlayacaq, komanda yoldaşlarım – gənc gimnastlar iştirak edəcək, mən onlara dəstək olacağam. Düşünürəm ki, tamblinq üzrə çıxış edən bir çox gimnastlarımız finala yüksələcək, amma Tofiq Əliyevə gəlincə, ümid edirəm ki, o, medal qazanacaq”.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.