Həmyaşıdını döyən şagird həbs oluna bilər

Həmyaşıdını döyən şagird həbs oluna bilər

Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi müəyyən edilmişdir. Maddəyə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Bu sözləri AzerTimes-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov məktəblinin həmyaşıdını döyməsi haqda danışarkən deyib.

“On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.

Əvvəlcə zərərçəkən uşağın tibbi ekspertiziyadan keçməsi zəruridir. Cinayət məsuliyyəti xəsarətin dərəcəsindən asılı olaraq müəyyən edilə bilər. Əgər zərərçəkmiş şəxsdə az ağır xəsarət vurulması müəyyən edilərsə, təqsirkar şəxsin barəsində Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti üzrə barəsində cinayət təqibi həyata keçirilə bilər. Şəxsin təqsiri sübuta yetirilərsə, iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir”, – hüquqşünas deyib.

Teqlər: