Xəbər - Trend6
Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun hərbi qulluqçularından biri də mayor Taleh Adil oğlu Kərimovdur.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yeddi bacının tək qardaşı olan Taleh Sumqayıt şəhərində dünyaya göz açıb. Yaşasaydı 36 yaşı tamam olacaqdı.
Sumqayıt şəhərindəki “İstedad” liseyini müvəffəqiyyətlə başa vurub hərbçi olmaq istəyini ailədə bildirəndə heç kim onunla razılaşmayıb. Nə valideynləri, nə də yeddi bacısı. “Ailədə tək oğulsan, sən də orduya getsən bəs biz kimin umuduna qalacağıq?” deyib onu fikrindən döndərməyə çalışsalar da Taleh inadından dönməyib.
O, respublikamızın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. Hələ kursant olduğu vaxtlarda “Azərbaycan Ordusu” qəzetinin müxbirinin “Nə üçün zabitlik peşəsini seçdin? sualını bu cür cavablandırıb: “Mən sizin bu sualınıza ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi fikirlərlə cavab vermək istərdim. “Azərbaycan öz oğullarına – təcrübəli mütəxəssislərə bu gün həmişəkindən daha çox möhtacdır. Elə mütəxəssislərə ki, həmvətənlərini öz arxasınca aparmağa, düşmənin qarşısında igidliklə durmağa, onu pərən-pərən salıb doğma torpaqdan qovmağa qadirdirlər”.
Ali hərbi məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas” kursunu müvəffəqiyyətlə bitirən gənc zabit bütün xidməti boyu Ulu Öndərin dediklərini öz əməli fəaliyyəti ilə doğruldub. Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi – kəşfiyyat taqımının komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəsifəsinə, “mayor” hərbi rütbəsinədək ucalıb. Xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə 5 yubiley və döyüş medalı ilə təltif olunub. Ata və anası dünyasını dəyişsələr də yeddi bacı tək qardaşları ilə fəxr edib, qürur duyublar. Hamının sevimlisinə çevrilib mayor Taleh Kərimov.
Vətən müharibəsinin ilk günündən hərbi hissənin kəşfiyyat rəisi – kəşfiyyat bölməsinin rəisi kimi döyüşlərə qatılıb. Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib. Hərbi əməliyyatlar zamanı mərmilər dolu kimi yağanda, topların gurultusundan yer-göy bir-birinə qarışanda, qan su yerinə axanda mayor Taleh Kərimov Ulu Öndərimizin arzu etdiyi kimi həmvətənlərimizi öz arxasınca aparıb, düşmən qarşısında igidliklə durub, onları pərən-pərən salıb doğma torpaqdan qovmağa qadir olduğunu bir daha təsdiq edib.
Yeddi bacının tək qardaşı mayor Taleh Kərimov 2020-ci il oktyabrın 30-da Qubadlı rayonu ərazisində sübh tezdən mühüm kəyfiyyat tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid olub. Yeddi bacı və onun ömür-gün yoldaşı Nəzakət xanım, eləcə də döyüşçü dostları, tabeliyindəki kəşfiyyatçılar bu ağır itkiyə üzülsələr də, onun göstərdiyi qəhrəmanlıqlardan qürur duyaraq “Vətən sağ olsun!” deyiblər.
Müdafiə Nazirliyi hər bir şəhidin xatirəsini əziz tutur, onların göstərdiyi şəxsi şücaət və igidlik nümunələrinin təbliği, adlarının əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir, gənc əsgər və zabitlərə onları örnək olaraq təqdim edir.
Avqustun 30-da Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Sumqayıq şəhərində olub, Şəhidlər xiyabanını ziyarət edərək mayor Taleh Kərimovun məzarı üzərinə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmilərinin, şəhidin yaxınlarının, Vətən müharibəsi iştirakçılarının və qazilərin, şəhid ailələri üzvlərinin, xidmət yoldaşları və döyüşçü dostlarının iştirak etdiyi anım tədbirində polkovnik Abdulla Qurbani mayor Taleh Kərimovun zabit kimi yüksək əxlaqi, iradi keyfiyyətlərə malik bir zabit, insan, səmimi, təvazökar, vətənpərvər bir insan olduğunu bildirib və onunla bağlı xatirələrini söyləyib.
Nəzərə çatdırılıb ki, sağlığında xidmətləri yüksək qiymətləndirildiyi kimi, ölümündən sonra da Vətən, xalq, dövlət qarşısında xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək dəyərləndirilib.
Mayor Taleh Adil oğlu Kərimov ölümündən sonra Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.
General-mayor Hilal Nəcəfov mayor Kərimovun cismən aramızda olmadığını, onun daim xatirələrdə yaşayacağını əminliklə bildirib: “Mən Talehi çox yaxşı tanıyırdım. Dəfələrlə onunla söhbət etmişəm, məruzələrini dinləmişəm, tapşırıqlar və göstərişlər vermişəm. Çox gözəl insan, məsuliyyətli zabit idi. O, zabitlik peşəsini seçəndə bilirdi ki, bu peşə heç də asan peşə deyildir. Ancaq şərəfli, milləti, xalqı, torpağı qorumaq peşəsidir. O, həm də yaxşı bilirdi ki, qarşıda böyük vəzifələr durur, uzun yol durur. Bu yol isə hamar deyil, enişli-yoxuşludur.
Taleh sevdiyi yolu seçdi, bu yollarla kişi kimi irəlilədi. Şəhidlik zirvəsinə qədər şərəfli bir yol keçdi. Təsəllimiz ondadır ki, mayor Kərimovun bütün şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, dəmir yumruğun sayəsində şəhidlərimizin intiqamını döyüş meydanlarında vuruşaraq aldıq. Qazandığımız möhtəşəm qələbəyə görə biz ilk növbədə şəhidlərimizə, o cümlədən taleyinə zabitlik peşəsi, bir də tarixi qələbə yazılan Taleh qardaşımıza minnətdarıq.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi Hacı Rauf Sumqayıtdakı Şəhidlər xiyabanının əsl ziyarətgaha çevrildiyini, insanların bura gələrkən qürur hissi keçirdiklərini, Qələbə şəhidlərinin qəhrəmanlıqları ilə öyündüklərini vurğulayıb. Şəhidlik mövzusunda ibrətamiz söhbətləri ilə şəhidlərmizin ölməzliyini, əbədiliyini bir daha qeyd edib, şəhidlərin müqəddəs ruhuna dualar oxuyub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə iş şöbəsinin müdiri, Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Tərlan Hacı-zadə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısından, onların sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb və hazırda Sumqayıtda da Prezident sərəncamı ilə təsis olunmuş 27 sentyabr Anım Gününə ciddi hazırlıq işlərinin görüldüyünü, Şəhidlər xiyabanında geniş tikinti-abadlıq işlərinin aparıldığını qeyd edib.
Tədbir başlanandan şəhid mayorun məzarı qarşısında farağat vəziyyətində dayanan Vətən müharibəsi qazisi Bahadur Talıbov növbəti əməliyyatı yada salaraq deyib: “Bu əməliyyatın həm komadirim, həm də mənim üçün son əməliyyat olacağını gözləmirdik. İnanırdıq ki, bu dəfə də verilən tapşırığı uğurla yerinə yetirərək, geri dönəcəyik. Başqa cür də ola bilməzdi. Komandirimiz əməliyyata elə peşəkarlıqla hazırlaşar, elə plan cızardı ki, heç vaxt peşman olmazdıq. Bir də mayor Kərimov əsgərlərin arxası ilə döyüşə gedən zabit deyildi. O, döyüşçüləri arxası ilə aparan komandir idi. Hər bir əsgərə əmanət kimi baxar, övladı olmasa da, tabeliyində olan hər bir döyüşçünü özünə oğul bilər, onları qoruyardı. Komadirimizin tədbirli, düşünülmüş hərəkətləri nəticəsində neçə-neçə kəşfiyyatçımız ölümün pəncəsindən xilas olmuşdu. Qubadlı uğrunda döyüşlərdə əziz komandirim canından keçdi, mən isə gözümdən oldum. Lazım gələrsə, Vətənim üçün ikinci gözümdən də keçməyə hazıram. Təki Vətən sağ olsun, komandirimin ruhu şad olsun!”.
Polkovnik Abdulla Qurbani Şuşada keçirilən Vaqif poeziya günlərinin rəsmi açılışında dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi fikirlərlə şəhid mayorun məzarı qarşısında keçirilən anım tədbirinin başa çatdığını bildirib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan Qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq”.
Qələbə şəhidlərindən biri olan mayor Taleh Kərimovun vaxtilə yaşadığı binanın həyətində də qələbəlik var idi. Burada şəhidin şərəfinə inşa edilən xatirə abidəsinin açılış mərasimində icra hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, qazilər, şəhid ailələrinin üzvləri çıxış ediblər.
Şəhidin həyat yoldaşı Nəzakət xanım və bacısı Pərvanə xanım göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və bütün tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər təkcə yeddi bacının tək qardaşı deyil, hamımızın qardaşı, əzizi, doğması olan mayor Taleh Kərimovun xatirəsinin nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var əbədi yaşayacağına əminliklərini bildiriblər.