Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
(AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev iclasın gündəliyinə “AHİK-in İcraiyyə
Komitəsinin və aparatının 2022-ci ilin I yarımilliyi üçün iş planı
haqqında”, “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə
statistik hesabatı haqqında”, “2021-ci ildə Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı
kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil
planı haqqında”, “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına
daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Azərbaycan
həmkarlar ittifaqları idman təşkilatlarının 2021- ci ilin yekunları
üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri
haqqında”, “Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci il üzrə
gender statistikası haqqında”, “2021-ci il üzrə əməkdə, təhsildə və
ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin
peşəkar gənci” fəxri adının verilməsi barədə”, “Novruz bayramı ilə
əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsi barədə”,
“YAŞAT Fonduna maliyyə yardımı göstərilməsi barədə” və “Qarabağ
Dirçəliş Fonduna pul vəsaitinin ayrılması haqqında” məsələlərin
daxil edildiyi barədə məlumat verib.
Müzakirələrdən öncə S.Möhbalıyev qarşıdan gələn 8 Mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün xanımlarını,
o cümlədən Azərbaycan həmkarlar ittifaqlarının qadın üzvlərini
təbrik edib, onlara möhkəm cansağlığı, səadət və gələcək işlərində
uğurlar diləyib. Bildirib ki, şəhid analarına və xanımlarına,
döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün
yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər
analarına ən xoş arzularımı çatdırıram.
Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb.
“2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və
şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd
olunub ki, Azərbaycan həmkarlar ittifaqları aparatlarına 2021-ci
ildə həmkarlar ittifaqı üzvlərindən 143 834 ərizə
və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1
093 müraciət daxil olub. Onlardan 97,9
%-i müsbət həll edilib.
Bildirilib ki, ötən il 124 həmkarlar ittifaqı
üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da
65 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları
məsələlər öz müsbət həllini tapıb.
Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə
bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə
əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil
olub, onlardan 193-ü və ya 65,0
%-i müsbət həll olunub.
İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya
görə AHİK-in ünvanına 27 təşəkkür məktubu
ünvanlanıb.
İclasda qəbul olunmuş qərarla üzv təşkilatların rəhbərlərinə
tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan
məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların
təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik
göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar
müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin
artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması
məsələlərinə nəzarət gücləndirilsin.
“Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik
hesabatı haqqında” məsələ ilə bağlı məlumat verilib. Qeyd olunub
ki, Konfederasiyaya üzv olan 27 təşkilatda 15 039
həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62
birləşmiş və 501 şəhər, rayon komitələri fəaliyyət
göstərir. 2020-ci illə müqayisədə həmkarlar ittifaqı sıralarına
cəlb edilən tələbələrin sayı 5,1 % artmaqla
həmkarlar ittifaqı üzvlərinin ümumi sayı da 0,9%
artıb. Həmkarlar ittifaqı üzvlərinin sayı Dövlət İdarələri və
İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqında 3,9
%, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında 3,0
%, “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında
2,7 %, Fövqəladə Hallar Nazirliyi İşçiləri
Həmkarlar İttifaqında 2,5 %, Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqı Şurasında 0,5 %
artıb. Üzvlərin sayı 15 nəfərə qədər olan təşkilatların sayında da
0,4 % artım var. Respublikada kiçik və orta
sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il ərzində
həmkarlar ittifaqı təşkilatlarının sayında 0,5 %
azalma müşahidə olsa da, həmkarlar ittifaqı üzvlərinin sayı
2,6% artıb.
Qeyri-dövlət sektorunda 7 sahə üzrə
56 yeni ilk həmkarlar ittifaqı təşkilatı
yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı
3304 olub. Bu da yeni yaradılan təşkilatların
sayının ötən illə müqayisədə 4, üzvlərinin sayında
isə 7 dəfə artım deməkdir. Ötən il ərzində üzv
təşkilatlar tərəfindən yeni yaradılmış 107
həmkarlar ittifaqı təşkilatında 13 808 nəfər
həmkarlar ittifaqı sıralarına qatılmış və nəticədə orada üzvlüyə
cəlb olunanların sayı əvvəlki ilə nisbətən 2,5
dəfə artıb.
Bildirilib ki, həmkarlar ittifaqı üzvü olan qadınların sayı
1,6 % artıb və üzvlərin ümumi sayının 52,3
%-ni təşkil edir. Gənclərin sayı da 0,5 %
artıb. Ötən il işəgötürənlərlə 123 saziş,
1 1806 kollektiv müqavilə bağlanıb. Müqavilə
bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə
nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan
üzvlərin sayı isə 4,1 % artıb.
“2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi
nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının
verilməsi barədə” məsələyə baxılarkən bildirilib ki, AHİK İcraiyyə
Komitəsinin qərarı ilə 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı
təsis edilib və indiyə kimi 87-si qadın olmaqla
369 nəfər gənc “İlin peşəkar gənci” fəxri adına
layiq görülüb.
İcraiyyə Komitəsinin budəfəki qərarı ilə əməkdə, təhsildə və
ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş daha
58 gənc bu fəxri adı alıb.
Həmçinin YAŞAT Fonduna 50 000 manat, Qarabağ
Dirçəliş Fonduna 50 000 manat vəsait köçürülməsi,
bundan başqa, Respublikanın 76 rayonunda yaşayan
4015 aztəminatlı ailəyə ərzaq bağlamalarının
paylanması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurasına eyni məqsədlər üçün 50 000
manat vəsaitin köçürülməsi barədə İcraiyyə Komitəsi müvafiq
qərarlar qəbul edib.
Gündəliyə daxil edilmiş “2021-ci ildə Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı
kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil
planı haqqında” məsələnin müzakirəsi zamanı bildirilib ki, 2021-ci
ildə Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu
Konfederasiyanın üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları
kadr və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi
istiqamətində səmərəli tədbirlər həyata keçirib. Ötən ilin
sentyabr-noyabr ayları ərzində 254 nəfər kurslarda iştirak
edib.
2021-2022-ci ilərlin təsdiq edilmiş təhsil planına əsasən,
həmkarlar ittifaqlarının 830 nəfər fəalının
Akademiyanın kurslarında onlayn təhsilə cəlb olunması nəzərdə
tutulub.
Pandemiya ilə əlaqədar olaraq, 2021-2022-ci illər üçün
həmkarlar ittifaqı kadr və fəallarının təhsil planı mərhələlərlə
onlayn formatda həyata keçirilir. Belə ki, 2022-ci ildə 578 nəfərin
təhsilə cəlb olunması planlaşdırılır. Müzakirələrdən sonra Əmək və
Sosial Münasibətlər Akademiyasının 2022-ci il üçün təhsil planı
təsdiq edilib.
Daha sonra gündəlikdə olan digər məsələlər, o cümlədən cari və
təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar
qəbul edilib.
Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin
yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə
xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda
və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə
tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.
S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına
ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan
bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll
edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların
müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya
sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.