Həmkarı Vahid Əhmədova elə sözlər dedi ki…

Həmkarı Vahid Əhmədova elə sözlər dedi ki…

Deputat Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm. O tərbiyəsiz şəxs bir neçə ay öncə, üzr istəyirəm, bağışlasın məni xanım sədr və xanım deputatlar, Parlamentin önündə video çəkib göstərmişdi ki, deputatlara paz gətirib ki, istifadə etsinlər, daha əvvəl isə “qoz və xiyar gətirmişdim” deyir. Bu açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

“Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram. Vahid Əhmədov “yaxşı-pis deputat” seçimi ilə də məşğuldur. Belə çıxır ki, burada oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib, o zaman nə əcəb özünüzə yaraşıdırıb burada oturursunuz? Mandatınızdan imtina edin o zaman, gedin dayanın Əli Kərimlinin yanında. Hətta hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan xanım sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir. Bu ölkədə müxalifət pasportu paylamağa iddialı Əli Kərimli idi. 30 ildir müxalifət pasportu paylayır, amma özünün müxalifətçilik pasportu ilə heç Biləcəridən o yana getməyib. İndi Vahid Əhmədov da müxalifət pasportu paylayır. Başa düşmürəm, siz hansı haqla burada təmsil olunan siyasi partiyalara siyasi qiymət vermək iddiasına düşürsünüz? 40 ildir bu ölkənin var-dövlətindən yararlanan adamlar arasındasınız. Prezident İlham Əliyevi öyür, adını çəkir və bu pərdə altında gizlənərək elə Prezident İlham Əliyevin birbaşa özünə qarşı çıxırsınız. Çox təəssüf edirəm ki, deputat həmkarlarını hədəfə alan, onların təhdid olunmasında birbaşa iştirak edən, parlamentdə oturub parlamenti və deputatları bəyənməyən, onlara yuxarıdan aşağı baxan bir kəslə bir parlamenti bölüşməli oluruq”, – o bildirib.

Teqlər: