Layihə mütərəqqidir. Komitə iclasında bunu geniş müzakirə etmişik. Bizdə müəyyən məsələ qaldırdıq. Əli Hüseynli bildirdi ki, qanunun subyekti ilə müzakirə edib bu barədə izahat verəcək. Qeyd edim ki, sonuncu konstitusiya dəyişikliyindən sonra yaş məhdudiyyəti götürülüb. Qanunda qeyd edilir ki, ombudsman seçiləcək namizəd 30 yaşdan yuxarı olmalıdır, iki dəfə seçilməlidir. Məncə, biz prezidentlə, baş prokurorla bağlı bu məhduyyətləri qaldırmışıq. Bu, baxımdan yanaşma eyni olmalıdır. Ümid edirəm ki, Əli müəllim bu məsələyə aydınlıq gətirəcək.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat xatırladıb ki, bundan əvvəl qanuna dəyişikliklər mövzusunda məhkumluqla əlaqədar məsələ qaldırıb:
“Bu da onunla bağlı idi ki, ağır, xüsusilə ağır cinayətlər törədən şəxslər Milli Priventiv qrupun üzvü ola bilməz, eləcədə ombudsman seçilə bilməz. Bu məqam qanunda nəzərə alınıb”.
Qüdrət Həsənquliyev daha sonra deyib ki, ombudsman yanında Milli Piventiv qrupun üzvləri 3 il müddətinə seçilir:
“Məncə, ombudsman kimi onlar da 7 il müddətinə seçilməlidir. Eyni zamanda onların işinə müdaxilə, çətinlik yaradıldığı təqdirdə cinayət məsuliyyəti də qanunda açıq yazılmalıdır”.
Deputat bildirib ki, ombudsman müharibə dövründə çox fəal iştirak edib, erməni faşizminin törətdiyi cinayətlərin dünyada yayılmasına çalışıb:
“Bunu qeyd etməliyik. Ondan sonrakı dövrdə də fəallığı seçilir”.
“Həmkarım Etibar Əliyev qeyd etdi ki, bir uşağın bağçaya qəbulu və ya bununla bağlı məsələ ombudsmanın hesabatında olmamalıdır. Əksinə, mən düşünürəm ki, elə bu olmalıdır. Bəlkədə bir uşağın bağça məsələsi bizim üçün adi gələ bilər, amma bu bir ailənin əsas problemidir. Xüsusilə, nəzərə almalıyıq ki, təhsil ilk bağçadan başlayır. Həm də unutmayaq ki, həmin uşaq gələcəkdə nazir, deputat və ya ölkəmizi müxtəlif sahələrdən birində tanıtmış şəxs ola bilər”, – deputat çıxışını yekunlaşdırıb.