HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Əbdel Salam Əhməd Haniyə bu gecə Tehranda, İran paytaxtının Şimran səmtindəki villada qətlə yetirilib.
Onunla birlikdə mühafizəçisi, 32 yaşlı Məhəmməd Übeyd Əmal da həlak olub.
61 yaşlı İ.Haniyə Tehrana İranın yeni prezidenti Məsud Pezişkianın andiçmə mərasiminə qatılmaq üçün yollanmışdı.
İlkin məlumatlara görə, villaya İsrailin zərbə PUA-sı raket zərbəsi endirib. Zərbənin İsrail Hərbi-Hava Qüvvələrinin F-35 təyyarəsi vasitəsilə endirildiyi də iddia olunur.
İddialar, ehtimallar, gümanlar çoxdur.
Qərb mediası və analitiklər bu “zərbə əməliyyatı”nın əslində İranın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edirlər.
Fəqət bu iddia absurddur, çünki İran prezidentinin andiçmə mərasiminə dəvət edilmiş fəxri qonağın Tehranda öldürülməsi İranın təhlükəsizlik strukturları üçün böyük, hətta çox böyük ləkədir.
İranda heç bir qurum ölkənin nüfüzuna tərs şillə sayılacaq belə addım atmaz.
Əməliyyatın İsrailin xüsusi xidmət strukturları tərəfindən həyata keçirildiyi şübhə doğurmur.
Daha dəqiq olsaq, bu əməliyyatın arxasında İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (“Xa Mosad le Modiin u le Tafkidim Meyuxadim”, MOSSAD) dayandığını söyləmək olar.
Dollar milyarderi olan İsmayıl Haniyənin İran rəhbərliyi, xüsusilə də SEPAH komandanlığı ilə son vaxtlar münasibətləri ifrat dərəcədə soyumuşdu.
Onun iqamətgahının yerləşdiyi Qətərdən də çıxarılması gözlənilirdi, çünki rəsmi Doha HƏMAS-a yardımlar etsə də, bu qruplaşmanın rəhbərliyi “müstəqil” siyasət yürütməyə üstünlük verirdi.
İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi İranın xüsusi xidmət strukturlarının üzqarası sayıla bilər. Çünki İran paytaxtında belə əməliyyat keçirilirsə, üstəlik prezidentin andiçmə mərasiminə dəvət almış fəxri və yüksək mənsəbli qonaq qətlə yetirilirsə, kim təminat verə bilər ki, analoji əməliyyat Tehranda İranın hakimiyyət mənsublarından birinə qarşı reallaşdırıla bilməz?
Belə təminat artıq yoxdur, çünki Tehranda ali qonaqların mühafizə sisteminin “aşsüzən” təsiri bağışladığı bəlli oldu.
İsmayıl Haniyə 13 övlad atası idi. Bu ilin aprelin 10-da onun üç oğlu və üç nəvəsi Qəzza bölgəsindəki Şəti qaçqın düşərgəsinin İsrail tərəfindən bombalanması nəticəsində həlak olmuşdular.
Bu arada İranın Ali Milli Təhlükəsizlik Şurası təcili iclas keçirir.
İclas əsnasında İsrailə qarşı cavab tədbirləri barədə qərarın qəbul edilməsi gözlənilir.
Təbii ki, həmin tədbirlər hərbi olacaq.
… Off-top: İsmayıl Haniyənin bacıları Xalidiyyə, Leyla və Səbah İsrailin Tel-Şeva şəhərində yaşayırlar. Onların övladları İsrail ordusunda xidmət ediblər və üçü də dul olan qadınların hamısı İsraildən təqaüd və müavinətlər alırlar.