Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır – Hərbi ekspert

Xəbər - Fərid Zöhrabov -Trend:

Dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.

Hərbi ekspert Ruslan İmamquliyev Trend-ə açıqlamasında bildirib ki, qəzanın texniki səbəblərdən baş verdiyi ən əsas ehtimallardandır: “Təbii ki, bu qəza mütəxəssislər tərəfindən geniş araşdırılacaq. Qəzanın səbəbini bilmədən müxtəlif versiyalar irəli sürmək Azərbaycan ordusunun imicinə zərbə vurmaqdır. Sosial şəbəkələrdə və ya digər mənbələrdə dəqiqləşdirilməmiş məlumatları yaymaq təxribat sayılır. Bizim yüksək çinli məmurlarımız, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev helikopterin qəzaya uğradığı yerdə olub. Yaxşı olar ki, araşdırmaların nəticəsini gözləyək. Heç bir qeyri-rəsmi məlumata inanmayaq.”

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dünən baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib ki, helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz.

“İlkin məlumatlar haqqında onu demək istəyirəm ki, pilot polkovnik Füzuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilotumuz idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb.

Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir”, – deyə E.Quliyev qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə jurnalistlərə açıqlamasında vətəndaşlara müraciət edərək bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.

“Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Teqlər: