Xəbər - Çingiz Səfərli – Trend:
Helikopter qəzasına heç bir kənar təsir olmayıb və məhdudiyyət pozulması baş verməyib.
Bunu AzerTimes-a açıqlamasında ötən gün baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.
O bildirib ki, hadisə anidən baş verib və helikopter eniş edərkən yerə çırpılıb.
“Qaraheybət poliqonuna eniş etdikdən sonra təlim planına uyğun olaraq uçuşa rəhbərlik qrupu, rabitə növbətçisi və digərləri düşüb öz yerini tutmalıydı. Lakin eniş edərkən helikopterin idarəetməsinin itirilməsi və ya hansısa səbəbdən yerə çırpıldıq. Ona görə dəqiq deyə bilmirəm, sərnişin kabinəsində idim və nə baş verdiyini dəqiq bilmirəm. Helikopter yerə çırpıldıqdan sonra bir anda gördüm ki, bayıra düşmüşəm. Ondan sonrası yadımda deyil. Heç bir kənar təsir olmayıb. Helikopter yerə zərblə dəydiyi üçün hadisə baş verib. Hazırda sol qolumun baza sümüyünün üst hissəsində sınıq, ayağımın topuq hissəsində əzilmə var. Ümumilikdə, vəziyyətim normaldır”.
Kapitan Ramin Ədilov da qəzanın hansı səbəbdən baş verdiyini xatırlamadığını bildirib.
“Səngəçal aerodromundan qalxıb Qaraheybət istiqamətində hərəkət etdik. Praktik atışın təlim uçuşlarını yerinə yetirmək üçün seçilmiş meydançaya eniş edərkən idarəetmənin anidən itirilməsi nəticəsində qəzaya uğradıq. Oradan necə çıxmağım, bura necə gəlməyim yadımda deyil. Burada ayılmışam”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub. Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.
Bu gün şəhid olan hərbçilərimizlə vida mərasimi keçirilib və onlar II Şəhidlər Xiyabanında dəfn olunublar.