Həkimlərin sosial sığorta yükünün optimallaşdırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, klinika və həkimlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin mövcud vəziyyəti və perspektivi, əmək haqlarının “ağarması” fonunda artacaq sosial sığorta yükünün optimallaşdırılması və tibbi xidmətlərin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, tibb xidmətləri ilə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və belə görüşlərin davamlı olacağı bildirilib.

Teqlər: