Həkim məsləhəti olmadan antibiotik istifadəsi ağırlaşmaya səbəb ola bilər

Xəbər - Samir Əli – Trend:

Koronavirus testi pozitiv çıxan xəstələrin həkim məsləhəti olmadan müxtəlif antibiotiklərdən istifadə etməsi düzgün deyil.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

O bildirib ki, bu proses sonda ağırlaşmalara səbəb ola bilər: “Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir.

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur”.

V. Cavadzadə bildirib ki, test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməkdənsə, öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir: “Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəni xəstəxanaya köçürməli olurlar.

İnsanların çox hissəsi sanki düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır.


Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur.

Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, buda sonradan müxtəlif fəsadlara yol açır.

Ümumiyyətlə COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil. Qısaca desək COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib.

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı”.

Twitter: GuleliyevSamir

Teqlər: