Həftəsonu 47 mindən çox şagird buraxılış imtahanı verəcək

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi martın 5-6-da tam (11 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən
Trend
-ə verilən məlumata görə, imtahanlar 30 şəhər və rayonunda
təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına
15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq.
Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə
imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca
vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet
vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib
götürə bilirlər.

İmtahanlar 5-6 mart tarixlərində respublikanın 30 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
216 imtahan binası, 3620 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 216 ümumi imtahan rəhbəri, 586 imtahan rəhbəri, 4506
nəzarətçi-müəllim, 442 buraxılışı rejimi əməkdaşı (mühafizə), 216
bina nümayəndəsi ayrılıb.

Martın 5-də keçiriləcək imtahanlarda 22 902, martın 6-da
keçiriləcək imtahanlarda isə 24 824 nəfər olmaqla, ümumilikdə 47
726 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 17 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait
yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə
uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər –
hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə
uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu
vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan
rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız
COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan
şəxslər cəlb olunacaqlar.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə
təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları,
binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə
İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. Ehtiyat tədbirləri
çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən
ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq,
zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır.
İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün
yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq
edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf
uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü
göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun
imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici
videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

Teqlər: