“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)

Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının üzvləri üçün 9 May – faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakı və faşizm üzərində Qələbə qazanılmasında oynadığı rolu əks etdirən qısa foto-sərgi nümayiş etdirilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər. Çıxışlarda İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi şücaət haqqında danışılıb və gənclərin bu istiqamətdə məlumatlılığının, habelə tariximizi daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulanıb. Müstəqilliyimiz bərpa edildiyi vaxtdan etibarən ilk dəfə olaraq 9 May Qələbəsinin ikiqat fəxarətlə qeyd olunduğu vurğulanıb, bu xüsusda 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib. Bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Daha sonra, Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin ssenarisi, necə ərsəyə gətirilməsi barədə çıxışı dinlənilib.

Çıxışlardan sonra filmin nümayişi baş tutub.

Teqlər: