Heç də bütün dövlətlər xalqların tarix, din, dil birliyini strateji müttəfiqlik səviyyəsinə yüksəltməyi bacarmır – Könül Nurullayeva

Regionda baş verən hərbi-siyasi böhranlar fonunda Azərbaycan və
Türkiyə əməkdaşlığı daha qabarıq formada əhəmiyyətini artırır. Bu
gün Ukraynada sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylər
nəticəsiz qalır. Azərbaycan və Türkiyə bu səyləri birgə davam
etdirirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Türkiyəyə
işgüzar səfəri çərçivəsində də Ukrayna-Rusiya böhranı əsas müzakirə
mövzusu olub.

Dünyada qardaş xalqlar çoxdur, amma heç də bütün dövlətlər
xalqların bu qardaşlığını, tarix, din, dil birliyini strateji
tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəltməyi bacarmır.
Azərbaycan-Türkiyə qardaşlığı bu mənada da dünyaya nümunədir.
Münasibətlərin ən yüksək səviyyəyə çatmasında liderlərin rolu
xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının da söylədiyi kimi,
Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə
mövzusu ola bilməz. Ankara və Bakı bütün beynəlxalq təşkilatlar
çərçivəsində də vahid mövqedən çıxış edir. Azərbaycan Prezidenti
İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal
işbirliyi aparmaqla bir-birimizin gücünü artırırıq.

2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa bəyannaməsi isə
Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir
daha dünyaya bəyan etdi. “Şuşa qanunu” kimi tarixə düşən sənəd
münasibətlərin yeni mərhələsi üçün yol xəritəsidir. Sənəddə birgə
milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik
sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi
yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin
müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya
təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən
təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının
atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji
müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o
cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini
özündə əks etdirən müqavilələr imzalanıb. Bakı və Ankara bundan
sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək
istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün
möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi
deməkdir.

Könül Nurullayeva

Millət vəkili

Teqlər: