Xəbər - Elnur Bağışov – Trend:
Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti
yoxdur.
Bunu AzerTimes-a
açıqlamasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici
Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini deyib.
M.Abbaszadə Meşkininin sözlərinə görə, İranın yeni hökuməti
qonşu ölkələrə xüsusi önəm verir. İranla Azərbaycan arasında çoxlu
bağlar mövcuddur. Qonşu ölkələr arasında isə İran üçün Azərbaycanın
xüsusi yeri var.
Abbaszadə Meşkini əlavə edib ki, İranda yeni hökumət iqtidara
gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən
prezidentlər səviyyəsində görüşlər baş tutub.
“İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin
gücləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmaq
istiqamətində işlər görür. Demək olar ki, hazırda iki ölkə
əlaqələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bununla
əlaqədar İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian
parlamentə münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar xüsusi
hesabat təqdim edib və bu hesabat istiqamətində addımlar atılır”, –
deyə o qeyd edib.
İranlı parlamentari qeyd edib ki, İranın Neft Nazirliyinin
vəzifələrindən biri neft sahəsində Azərbaycanla münasibətlərin
yaradılmasıdır. Azərbaycan və İran prezidentlərinin Türkmənistan
paytaxtı Aşqabaddakı görüşündə enerji iqtisadiyyatı sahəsində
danışıqlar olub və bununla əlaqədar razılaşma əldə olunub. Buna
əsasən İranın Azərbaycanla enerji sektorunda münasibətləri maksimum
səviyyəyə yüksələ bilər.