Həbsə düşməmək üçün 1 milyon pul tələb edildi – MTN işi

Həbsə düşməmək üçün 1 milyon pul tələb edildi – MTN işi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun oğlu İntiqam Sultanov şahid qismində ifadə verib.

Şahid bildirib ki, 2009-cu ilin əvvəllərində təqsirləndirilən V.Ələkbərov onu həbs etməmək müqabilində atasından 1 milyon dollar tələb edib.

Onun sözlərinə görə, V.Ələkbərov B.Sultanova deyib ki, tələb olunan pulu ödəyəndən dərhal sonra onun özünü, bir gün sonra isə oğlunu da azad edəcəklər.

İ.Sultanov deyib ki, həbsdə olduğu zaman əmisi Mirzə Paşayev və dostu Əsgər İbrahimov MTN-in binasında, V.Ələkbərovun xidməti otağında onlarla görüşərək tələb etdiyi məbləğdən 360 min dolları veriblər: “Bundan bir gün sonra barəmdəki həbs qətimkan tədbiri dəyişdirildi və azad olundum”

Daha sonra hazırda həbsdə olan Rauf Kərimov məhkəmədə zərərçəkmiş qismində sərbəst ifadə verib. Onun sözlərinə görə, MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi V.Ələkbərov tanışı Cavidan Hacıyevlə ona zəng vuraraq, MTN-ə çağırıb: “Vüsal Ələkbərov həbs olunmamaq müqabilində bizdən 1 milyon manat pul tələb etdi”.

Zərərçəkən deyib ki, V.Ələkbərov onlarla söhbət apararkən 1 milyon pulun Mövlam Şıxəliyev tərəfindən tələb olunduğunu bildirib: “Vüsal Ələkbərov bizi Təhsin Ağayevin qəbuluna apardı. Təhsin Ağayev də bizdən 1 milyon manat tələb etdi. Bunu rəisinin göstərişi ilə tələb etdiyini dedi”.

R.Kərimiv söyləyib ki, şəriki ilə bərabər V.Ələkbərovla Təhsin Ağayevin tələbi ilə razılaşmaq məcburiyyətində qalıblar: “Lakin pulu deyilən vaxt vermədiyimizdən yenidən MTN-ə çağırdılar. Bu dəfə Təhsin Ağayev məni Vüsal Ələkbərovun otağından özü ilə Mövlam Şixəliyevin otağına apardı. Otaqda Mövlam Şıxəliyevə dedim ki, “məsələsini həll etmək üçün Eldar Mahmudova xahişə çıxacağıq”. Mövlam Şıxəliyev də cavab olaraq bildirdi ki, bu məsələlər hamısı məruzə olunub, son söz deyilib, 1 milyon manatı çatdırmalısız”.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

Teqlər: