Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq
təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş
əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.
Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan
Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola
baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla
hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik
maddə – heroin aşkar edilmişdir.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək
həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında
saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş
anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın
əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında
gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar
edilmişdir.
Hər iki faktla bağlı araşdırma aparılır.
İctimaiyyətlə əlaqələr şöbəsi