Azərsu ASC Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
AzerTimes xəbər verir ki, “Protean Construction” ASC tenderdə qalib gəlib və buna görə şirkətə təxminən 12,9 milyon manat ödəniləcək.
Şirkətlə bağlı apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, “Protean Construction” Azərsu ASC-nin elan etdiyi əksər tenderlərin qalibi olub.
2021-ci ilin avqustunda “Azərsu” ASC-nin Şuşa şəhərinin içməli su təchizatının təmin olunması üçün qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibi də “Protean Construction” MMC olub. Bununla bağlı şirkətə 8.6 milyon manat ödənilib.
Maraqlıdır ki, şirkətlə 2019-cu ildə də Binəqədi və Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq 987 min manatlıq və 789 min 600 manatlıq, Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi üçün 1 milyon 480 min 500 manatlıq müqavilə bağlanılıb. Üzərindən 3 il keçməmiş şirkət Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatının yaxşılaşdırılması ilə bağlı yenidən 13 milyona yaxın tenderin qalibi olur.
2021-ci ilin əvvəlində Azərsu ASC-nin Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının tikintisi (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru, Ceyranbatan gölünün şimal şərq hissəsində, Saray qəsəbəsi istiqamətində), yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması ilə bağlı elan etdiyi 2 açıq tenderin qalibləri “Tunel Tikinti Servis” MMC və “Protean Construction” ASC olub. Hər iki şirkətlə məbləği 34 milyon 444,5 min manat və 3 milyon 891,7 min manat, ümumilikdə isə 38 milyon 336,2 min manatlıq müqavilələr imzalanıb.
Şirkət bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçən Qubadlı-Eyvazlı yolunun inşasında da iştirak edir.
Beləliklə, şirkətin son 3 ildə yalnız açıq tenderlərdə udduğu məbləğlərin həcmi 63 milyon manatdan (bunun 38.3 milyon manatı “Tunel Tikinti Servis” MMC ilə birlikdə udulub) çoxdur.
Amma bu qədər tenderlərin qalibi olan, əhəmiyyətli layihələrdə iştirak edən və dövlətdən külli miqdarda vəsait alan şirkətin kimə məxsus olması hələ də qaranlıqdır. Mətbuatın iddiasına görə, “Protean Construction” ASC Azərsu Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Elman Məmmədova məxsusdur. Elman Məmmədovun həbsi ilə bağlı məlumat ötən ilin may ayında yayılıb. Onun “Azərsu”nun kommersiya departamentinin rəisi Xanvər Abbasovla birlikdə saxlanıldığı bildirilirdi.
İndiyə qədər “Protean Construction” ASC-nin Elman Məmmədova məxsus olub-olmaması ilə bağlı isə heç bir rəsmi açıqlama verilməyib.