Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən
cinayət işi başlanıb.
AzerTimes-ın məlumatına görə, partiya sədri barəsində növbəti dəfə
xüsusi ittiham qaydasında şikayət verilib.
Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir)
maddəsilə ittiham olunub.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar
baxılmaq üçün Yaxsamal rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşad Cavadzadənin icratına verilib. Hələlik
iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya
məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant
Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı
Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq
xüsusi ittiham qaydasında 2 şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum
helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi
ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun
sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil
Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.
Bir müddət sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı
Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı
məhkəmə prosesində isə Ə. Əliyevin əvvəlki cəza müddəti ilə hazırkı
cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum
edilib.