Xəbər - Samir Əli – Trend:
Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) səhhətində problemlər yaranıb.
Bunu AzerTimes-a açıqlamasında jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
Vəkil qeyd edib ki, artıq bir neçə gündür Mahir Ələkbərovun qan təzyiqi 200-250-dən aşağı düşmür. “Mahir Ələkbərovun bu vəziyyətdə Bakı İstintaq Təcridxanasında saxlanılması həyatı üçün təhlükəlidir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik, Mahir Ələkbərovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı tədbirlər görsün, əks təqdirdə Mahir Ələkbərovun səhhəti kəskin ağırlaşa bilər”.
Qeyd edək ki, Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. Sonuncu iclasda Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə vəsatət təqdim etsə də, vəsatət təmin edilməmişdir.
Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 000 (iki min) manat almaqda təqsirləndirilir. Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.