Xəbər - Çingiz Səfərli – Trend:
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə adaptasiyası və iş yerləri ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülür.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Məlumata görə, məşğulluq haqqında qanunvericilikdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildir.
Həmin insanlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.
2021-ci ilin birinci yarımilində 179 nəfər işlə təmin edilib.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır.
Ötən il də bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edən bir qrup şəxs özünüməşğulluq proqramına cəlb edilib və verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar.
2020-ci ildə 124 nəfər bu proqrama cəlb edilib. Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilirlər.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.