Xəbər - Ləman Zeynalova – Trend:
Fikir ayrılıqları və razılığın əldə olunmaması fonunda OPEC+ sazişi çərçivəsində hadisələrin inkişafının 4 ssenarisi mövcuddur.
Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.
O bildirib ki, birinci ssenari qısamüddətli perspektivdə OPEC+ çərçivəsində daha bir görüşün keçiriləcəyi və razılığı əldə olunacağıdır: “İkinci ssenari ondan ibarətdir ki, razılıq olmayacaq, amma bəzi OPEC+ ölkələri yenə də neft hasilatını artıracaq. Üçüncü ssenari COVID-19-un yeni ştammlarının dünya iqtisadiyyatının artımına və neft tələbatına mənfi təsiri, dördüncü ssenari isə İran və ABŞ-ın nüvə proqramı ilə bağlı saziş əldə etməsidir. Bu saziş və İran üzərindən bir sıran sanksiyaların qaldırılması sayəsində İran indikindən daha çox neft istehsal və ixrac edə bilər”.
Eksper bildirib ki, OPEC+ üçün ən vacib amil uğursuzluğun səbəbini tapmaq və mümkün olduğu təqdirdə qısa zamanda razılığa gəlməkdir: “Ən yaxşı variant konsensusun iki əsas elementini, neft hasilatının artırılması və hasilatın azaldılması üzrə müddətin uzadılmasını bir-birindən ayırmaqdır. İndi ən aktual tapşırıq 2021-ci il avqustundan başlayaraq neft hasilatının səviyyəsi üzrə konsensusa nail olmaqdır. İkinci məsələ, yəni hasilatın 2022-ci ilin aprelinə və ya 2022-ci ilin sonunadək uzadılması daha az aktualdır və sonrakı mərhələdə müzakirə oluna bilər”.
O xatırladıb ki, 18-ci OPEC+ nazirlər iclasında razılığın əldə olunmasının qarşısında ən böyük əngəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi olub: “Plan ondan ibarət idi ki, neft hasilatı bu ilin avqustundan dekabrınadək sutkada 400 min barel artırılsın və hasilatın azaldılması ilə bağlı sazişin 2022-ci il aprelin 30-dan dekabrın 31-dək uzadılsın. BƏƏ bu təkliflərdən imtina etdi və sazişin müddətinin planlaşdırıldığından daha çox uzadılacağı təqdirdə hasilatın sutkada 700 min barel artırılmasını tələb etdi”.
Bu vəziyyətdə neft qiymətlərinə gəldikdə, F.Perren qeyd edib ki, bu həssas balans sayəsində neft qiymətləri artacaq, çünki razılığın olmaması OPEC+un hasilatı dünya iqtisadiyyatının artımı ilə bağlı neftə daha çox tələbatın olacağı müddətdə, bu ilin dekabrınadək artırmayacağını ifadə edir.
(Tərcümə: Orxan Nəbiyev)