Hazırda Türkiyədə yanğının söndürüldüyü bölgələrdə əməkdaşlarımız mühafizə xidməti aparırlar – Nazir müavini

Yeniköy və Kəmərköy istilik-elektrik stansiyalarının yaxınlığındakı yanğınlar çox şiddətli idi. Bu ərazilərdə yanğınların söndürülməsində və stansiyaların mühafizəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları böyük fədakarlıq göstəriblər.

AzerTimes-ın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində deyib.

FHN-in yanğın-xilasetmə qrupunun iyulun 30-dan başlayaraq dörd mərhələdə Türkiyənin Muğla vilayətinə gəldiyini vurğulayan nazir müavini bildirib: “Gəldiyimiz ilk gündən yanğınlara qarşı mübarizədə fəal iştirak etmişik. Qeyd olunan bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimdə mühafizə xidməti aparırlar”.

E.Mirzəyev qeyd edib ki, bundan əlavə qüvvələrimiz Köyceğiz rayonunun Pınar, Karayer, Kavakçık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənlidə yanğınlarla mübarizə aparıblar:

“Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgələrində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmərdə, Menteşedə, Qazeller, Muğlanın düzənlik sahəsində, Kozaağac, Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan başqa, Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fethiye bölgələri, Dalaman hava limanının ətrafı, Dənizli vilayətində Buldak, Tavas, Burduk-Bucak bölgələrində də yanğınların söndürülməsi üzrə verilən tapşırıqlar uğurla yerinə yetirilib”.

Teqlər: