Hazırda neft bazarı daha çevik və effektiv monitorinq mexanizminə malikdir – Pərviz Şahbazov

Xəbər - Ləman Zeynalova – Trend:

Hazırda neft bazarı daha çevik və effektiv monitorinq mexanizminə malikdir.

Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov OPEC bülletenində dərc olunan müsahibədə deyib.

O qeyd edib ki, Əməkdaşlıq bəyannaməsi ilk dəfə OPEC üzvü olmayan, amma neftlə zəngin ölkələrə neft bazarında sabitliyin təmin olunması üçün razılaşdırılmış fəaliyyət prosesinə qoşulmağa imkan verdi.

“Bazar iştirakçılarının maraqlarının nəzərə alınması baxımından ədalətli və yaradıcı həll yolu olan bu təşəbbüs 2016-cı ilin yanvarında Davov Dünya iqtisadi forumunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü. Həmin ilin dekabrında yarandığı andan etibarən OPEC+ əməkdaşlıq formatı neft bazarında stabilliyə xidmət edir. Bu kontekstdə hazırda neft bazarı daha çevik və effektiv monitorinq mexanizminə malikdir”, – deyə o bildirib.


Nazir qeyd edib ki, Əməkdaşlıq bəyannaməsinin üzv ölkələri beş il ərzində tələb və təklif balansının təmin olunması, neft qiymətlərinin və ümumi maraqların stabilliyinin təmin olunması üzrə tarixi missiyasını yerinə yetirib.

“Bu gün neft bazarı, digər enerrji bazarları ilə müqayisədə daha balanslıdır və bu, bizim ümumi uğurumuzdur. Əməkdaşlıq bəyannaməsinin üzv ölkələri bazarı böhrandan çıxara bildi. Hazırda bazarda vəziyyət nikbin olsa da, dayanıqlı olmaya bilər. Karbohidrogenlərlə bağlı qeyri-müəyyənliyin artması şəraitində bazarın tənzimlənməsi vacibdir. Kəskin disbalans heç kimə lazım deyil. Enerji bazarında stabillik hər birimizin maraqlarına cavab verir”, – P.Şahbazov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: