Hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı üzrə təkliflər dəyərləndirilir – Pərviz Şahbazov

Hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, elektrik enerjisi sahəsində üçtərəfli formatın inkişafı ilə bağlı perspektivlər, layihələr, həmçinin Türkiyə şirkətlərinin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsi üzrə təklifləri dəyərləndirilir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, Türkiyə yenilənəbilir enerjinin inkişafı və elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı zəngin təcrübəsini bizimlə bölüşür və bu, ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir.

“Düşünürəm ki, yaşıl enerji sahəsində uğurlara imza atmaq üçün indi bütün zəruri şərtlər vardır. Yeni səviyyədə enerji əməkdaşlığımızın başlıca motivatoru Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilə qədər Milli Prioritetlərində təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmaq üçün “yaşıl enerji”ni dəstəkləyən baxışları, həmçinin azad edilmiş ərazilərin “xalis sıfır emissiyaya” malik “Yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı təşəbbüsü və “Türkiyə ilə birgə gələcək” siyasətidir”, – deyə nazir qeyd edib.

Teqlər: