AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları
Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri
aparıblar.
İnstitutdan
Trend-ə verilən məlumata görə, mütəxəssislər sürüşmənin baş
verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s.
irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan
ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.
Onların sözlərinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon
mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci
km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz
və çətin keçilən yolun üzərində yerləşir.
“Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin
şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş
verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan
yerli əhali bura “sürüşən yer” adını verib. Tədqiqatçılar buradakı
meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd
ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf
ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə
sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır.
Sürüşmə baş verən yamaca söykənən həyətyanı evin arxa tərəfində
yamac vaxtılə 2 m hündürlüyündə kəsilib. Buna görə də sürüşmə
çatları tədricən yuxarıya doğru yayılıb. 1,2 ha əkin sahəsi
yararsız hala düşüb, həyətyanı sahə ev tikililəri ilə birlikdə
sürüşmə kütləsinin altında qalıb, 4 iribuynuzlu qaramal və 4 buzov,
toyuq-cücə tələf olub. Eyni zamanda, kəndin mərkəzindən keçən yol
sıradan çıxıb. Hazırda burada 11 ev sürüşmə riskli ərazidə
yerləşir. Onların köçürülməsi qaçılmazdır” – deyə bildirilib.
Yardımlı-Cəlilabad yolunda, Telavar-Aruz sahəsində xeyli aktiv
sürüşmə sahələrini təyin edən coğrafiyaçılar ərazinin
landşaft-ekoloji, geoloji və geomorfoloji cəhətcə aktiv sürüşmə
sahəsi kimi fərqləndiyi qeyd ediblər. Alimlər insanların həyat
fəaliyyəti üçün risk yaradan sürüşmələrə qarşı ekoloji tarazlığın
qorunması, meşə ekosisteminə müdaxilənin azaldılması və nəhayət,
bələdiyyə ərazisində irimiqyaslı landşaft planlaşdırılmasının
aparılmasının vacibliyini diqqətə çatdırıblar.