Xəbər - Çingiz Səfərli – Trend:
Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir.
AzerTimes-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda keçirilən təlimdə deyib.
“Torpaqlarımızın azad edilməsi ilə Azərbaycan Cənubi Qafqazda güc mərkəzinə çevrilib.
Hazırda əsas məsələ işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış silah sursatlardan təmizlənməsi və vətəndaşlarımızın öz ata-baba evlərinə dönməsidir. İşlər sürətlə davam etdirilir”, – General mayor qeyd edib.
Rəis müavininin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirklənməsi böyük olduğundan kinoloji taborun xüsusi təyinatlı itləri də prosesə cəlb olunub. Hazırda 10 baş it bu işə cəlb edilib.
“2020-ci ilin yanvarından bu yana pirotexniki qruplarımız Ağdam və Füzuli istiqamətində böyük ərazilərin minalardan təmizlənməsində iştirak edib.
Digər qurumlarla birlikdə fəaliyyətlər davam etdirilir.
Əməkdaşlarımız minaların təmizlənməsi sahəsində beynəlxalq sertifikatlar alıblar və təmizləmədə yüksək səviyyədə iştirak edirlər”, – M.Həsənov deyib.
FHN rəsmisi vətəndaşları partlamamış silah-sursat, mina olan ərazilərdə hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.