Hazırda enerji trilemmasının hər üç aspekti arasında balans pozulub – Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu
(ADF) çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” mövzusunda
keçirilən panel müzakirələrində çıxış edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir enerji məsələləri
üzrə beynəlxalq ekspert Brenda Şafferin moderatorluq, Türkiyənin
energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar
və beynəlxalq ekspert Metyu Brayzanın iştirak etdiyi paneldə Forumu
Türkiyənin qlobal gündəlikdə olan məsələlərin dialoq müstəvisinə
keçirilməsinə töhfə verən təşəbbüslərindən biri kimi
qiymətləndirib. Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı
məsələlərdə də etibarlı tərəfdaş olduğu və Azərbaycanın bütün
enerji təhlükəsizliyi layihələrini Türkiyə ilə birgə reallaşdırdığı
vurğulanıb. Nazir ölkələrimiz arasında enerji əməkdaşlığı, Cənub
Qaz Dəhlizi ilə qaz təchizatının artırılması məsələsinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Türkiyə
səfərində də müzakirə edilən prioritet istiqamətlərdən olduğunu
qeyd edib.

Energetika naziri enerji bazarlarında mövcud vəziyyət, dayanıqlı
enerji təchizatında təbii qazın artan rolu və Azərbaycanın enerji
resurslarının müxtəlifliyinə əsaslanan enerji siyasətinə dair
fikirlərini bölüşüb. Bildirilib ki, hazırda enerji trilemmasının
hər üç aspekti – təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında
balans pozulub: “Bir tərəfdən enerji keçidindən qaynaqlanan enerji
böhranı, digər tərəfdən isə davam edən siyasi gərginliklər enerji
bazarlarını kəskin şəkildə qeyri-sabit və volatil edib. Bu problemi
son dövrlərdə bazar iştirakçılarının enerji siyasəti, enerji
resurslarına ədalətli olmayan yanaşmaları yaradıb, siyasi proseslər
isə daha da dərinləşdirib”.

Nazir dayanıqlı enerji həllərinin bu gün olduğu kimi sabah da
əsas çağırışlardan biri olacağını, bu aspektdə təbii qazın enerji
keçidi prosesində əhəmiyyətli rol oynayacağını qeyd edib. Enerji
təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balansın təmin
edilməsinin daha rasional yanaşma olduğunu və bir enerji
resursundan asılılığın enerji bazarları üçün qeyri-sabitliyə yol
açdığını bildirib. Həmçinin qeyd edilib ki, ötən ildən başlanan
enerji böhranı kömür kimi karbon emissiyası çox olan enerji
növündən istifadəni artırmaqla karbon neytrallığı hədəfinə doğru
məsafənin uzanmasına səbəb olub.

Ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təbii
qazla bərpa olunan enerjinin birgə inkişafında gördüyünü deyən
nazir, hər iki sahə üzrə hədəfləri və planları diqqətə çatdırıb.
Nazir deyib ki, Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və
münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu
təsdiqləyib: “TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7
milyard kubmetr qaz ixrac edilib. Bu il qaz ixracımız Türkiyəyə 8,2
milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər
artacaq”.

Energetika naziri onu da əlavə edib ki, dəhlizin unikallığı
Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük
mənbələrinin də şaxələndirilməsini mümkün edir. Azərbaycanın nəhəng
qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin
Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini
aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın
zamanıdır, -deyə nazir bildirib.

Energetika naziri yalnız Xəzər dənizinin qazını deyil, həm də
zəngin külək enerjisi potensialından yararlanmaqla elektrik
enerjisinin ixracı ilə bağlı planları da diqqətə çatdırıb.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının
himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan
Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və
hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri,
nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media
nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən
platformadır.

Teqlər: